“Hər kəs Rəşad Sadıqovu millidə görmək istəyir”

"Sabah"ın və millimizin müdafiəçisi Ruslan Abışov Sportinfo-az-a müsahibə verib. "Qafqazinfo" həmin müsahibəni təqdim edir:
- Zədədən sonrakı vəziyyətin necədir?
- Şükür Allaha artıq komanda ilə məşqlərə başlamışam. Hər şey yolunda gedir. Yavaş-yavaş formaya düşürəm. Qarşıdakı oyunlara hazır olacam.
- "Sabah"ın çıxışları ilə bağlı nə fikirləşirsən? Komanda 4 tur uğurlu çıxışdan sonra "Neftçi"yə böyük hesabla uduzdu. Qeyri-stabillik nədən irəli gəlir?
- Bizim komandanın potensialı çox böyükdür. İstər heyət baxımından, istərsə də digər tərəflərdən. Bu imkan verir ki, biz Avropa Liqasına vəsiqə qazanaq. Hər şey özümüzdən asılıdır. Sadəcə, oyunlara maksimum dərəcədə hazırlaşmalıyıq.
- Ruslan, bildiyin kimi qarşıdakı 4 tur təxirə salınıb. Səncə bu "Sabah"ın xeyrinə yoxsa ziyanına olacaq?
- Açığı, ən vacibi insanların sağlamlığıdır. Əsas odur ki, hamı sağalsın. Amma bizim üçün çətindir, arada bu qədər fasilənin olması. Çünki formada qalmaq bir az çətin olacaq. Hər halda qərara hörmət etməliyik. Bu müddət ərzində icazə olsa məşq edərdik ki, çox da geri qalmayaq.
- Fasilə müddəti neçə gün olacaq?
- Müvəqqəti olaraq iki gün deyilib.Yəqin ki, bu müddət uzadılacaq. O haqda dəqiq məlumat veriləcək.
- Fasilə müddəti üçün baş məşqçi hansısa fərdi məşq proqramı veribmi?
- Sabah iclas olacaq. Bu haqda, yəqin ki , məlumat veriləcək.
- Zədədən sonra yenidən əsas heyətə qayıtmaq çətin olmayacaq?
- O barədə heç vaxt problemim olmayıb. Mən hər zaman öz işimə, öz məşqimə baxmışam. Mənim üçün əsas odur ki, formamı bərpa edim. Əlbəttə ki, kim əsas heyətdə oynamağa layiqdirsə, o da oynasın. İnanıram ki, tez bir zamanda əsas heyətdə yerimi tutacam.
- Ümumiyyətlə, zədədən sonra baş məşqçi Jelko Sopiçlə aranda hansısa söhbət olubmu?
- Münasibətimiz çox yaxşıdır. Tez-tez soruşur ki, nə vaxt qayıdırsan, nə vaxta hazır olacaqsan. Mən də mümkün qədər çalışıram formamı tez bərpa edib, oyunlara çıxım. Çünki futbol üçün çox darıxmışam.
- Sopiçin artıq məşqlərində də iştirak etmisən. Necə düşünürsən, "Sabah"ı uğura daşıya biləcəkmi?
- Düzdür, az müddətdir komanda ilə məşqlərə başlamışam. Gördüyüm qədəri ilə daha çox taktiki məşqlərə üstünlük verir. Çalışır ki, komanda taktiki baxımdan daha nizam-intizamlı oynasın. Qışda yeni qoşulanlar komandaya uyğunlaşandan sonra, məncə, daha uğurlu çıxış edəcəyik.
- Avrokuboklara vəsiqə uğurunda hətta sonuncu yerdə gedən "Qəbələ"nin belə şansları var. Bu mübarizədə hansı rəqibi "Sabah" üçün daha ciddi təhlükə sayırsan?
- Həqiqətən çox maraqlı vəziyyət yaranıb. 4-cü yerdə olan komanda neçə oyun uduzur, yenə öz yerində qalır, sonuncu yerdə olan komandanın isə bir neçə qələbədən sonra şansı olur ki, avrokuboklara vəsiqə qazansın. Ona görə də fikir bildirmək çox çətindir. Qarşıda hələ oyunlar var. Kim daha düzgün hazırlaşsa, istəyi uğrunda sona kimi döyüşsə, o da avrokuboklara vəsiqə qazanacaq.
- Milli komandamızın baş məşqçi postu 3 aydan artıq bir müddətdir boşdur. Bir milli üzvü kimi bu barədə nə düşünürsən?
- Bu haqda müzakirələr çox gedir. Gördüyüm qədəri ilə hər kəs Rəşad Sadıqovu millidə görmək istəyir. Mən də bu fikrin tərəfdarıyam. Yerli baş məşqçi elədir ki, yerli futbolçuları daha yaxşı tanıyır. Futbolçunun xarakterinə, ölkənin mentalitetinə bələd olur. Sonda qərarı AFFA verəcək. Kimi məsləhət biləcəklər o da olacaq. Ümid edirəm ki, millimiz üçün uğurlu bir seçim olar.
- Millimiz Millət Liqasında Lüksemburq, Kipr və Monteneqro ilə bir qrupda mübarizə aparacaq. Şanslarımzı necə görürsən?
- Keçən Millətlər Liqasındakı qrupla müqayisədə bu dəfə rəqiblərimiz bir qədər güclüdür. Ən böyük üstünlükləri odur ki, heyətlərində Avropanın müxtəlif çempionatlarında oynayan oyunçuları var. Ən vacibi evdəki görüşlərdə maksimum nəticə əldə etməkdir. Doğma meydanda hər birini məğlub edə biləcək bir yığmayıq. Önəmli olan turnirə necə hazırlaşmağımızdır.
loading...